Məlum premyeradan sonrası narazılıqlar, Elbrus Vahidova qarşı həqarətli münasibət kino sahəsində uzun müddət davam edən idarəçilik xətalarını qabartdı.
Bəlaların ilk səbəbi kadrlardır. Kino sahəsində rəsmi aidiyyəti qurumlara cəlb edilən kadrların seçim konsepsiyası aydın deyil.Humanitar təhsili, film istehsalı təcrübəsi olmayan kadrların seçilməsində səbəb nədir? Üstəlik, idarəçilik səriştəsinin də olmaması. Və ən əsası, Azərbaycan mədəniyyəti və mentallığından uzaqlıq. Bu cür yanaşmadan sonra problemlərin yaranmasında nə qəribəlik var? Problemlər məntiqli nəticədir, xoşagəlməz sürpriz yox!
Son dövrlərin əcaib hallarından biri, məmurların rəhbərliklə yox yaradıcı proseslərə müdaxilə etməsidir. Layihələrə yaradıcı müdaxilələrin bir legitim yolu var – Kino Agentliyinin ekspert şurası və Nazirliyin yaradıcı müsabiqələrin münsif heyəti. Başqa müdaxilələr – məmur özbaşınalığıdır. Sənət təhsili olmayan məmurun müdaxiləsi isə kinomuz üçün bir bəladır.
Başqa bir tərəfdən nazirliyin ştatlı əməkdaşları film layihələrində heyətlərdə iştirak edə bildiyi halda, nazirliyin tabeliyində olan “Azərbaycanfilm”, “Salnaməfilm” kimi studiyalar niyə birbaşa maliyyələşə bilmir? Tabelikdəki ştatlı əməkdaş birbaşa və ya dolayı maliyyələşir, amma qosqoca kinostudiya maliyyələşmir.
Bütün məsələləri həmkar etikası çərçivəsində həll etməyin vaxtı çatıb, kinomuzun dövlət dotasiyasına belə məsuliyyətsiz münasibətin fəsadları heç kimə rəhm etməyə bilər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli isa Cabbarov.

