Aprelin 15-də “Azərbaycan” “CinemaPlus”da Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Fransa kinosu günləri”nin açılışı baş tutdu.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqdiçi Sevda Sultanova, artıq bir neçə ildir ki, Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutu və Fransanın Azəbaycandakı Sərifliyi ilə bərabər birgə layihələr həyata keçirdiyini dedi:
“Bu layihələr çərçivəsində müxtəlif illərdə çəkilmiş klassik fransız filmlərini nümayiş etdirmişik. Bu il də ənənəmizə sadiq qalaraq, bir ay ərzində hər həftənin ikinci günü fransız filmlərini göstərəcəyik. Proqram haqda birazdan məlumat verəcəyəm. Amma əvvəlcə səhnəyə Fransanın Azərbaycandakı səfiri xanım An Buayonu, Mədəniyyət üzrə attaşe Klemans de Lakuru, Fransız İnstitutunun direktoru Şarl Dönyeni və AKİ-nin İdarə Heyətinin üzvü Oleq Səfərəliyevi dəvət edirəm”.
Tədbirdə xanım qonaqlara AKİ adından gül dəstələri təqdim olunandan sonra söz Şarl Dönyeyə verildi.


Ş.Dönye öncə tamaşaçıları azərbaycanca salamladı və daha sonra layihə barədə danışdı: “Biz 4 həftə Azərbaycan dilində altyazılarla, fransız dilində dörd film göstərəcəyik. Azərbaycan Kinematoqrafçılar İttifaqına bu gözəl təşəbbüs və filmlərin seçimi üçün təşəkkür etmək istəyirəm. Rene Klemanın bu gün izləyəcəyiniz “Pişiklər” filmində Alen Delon oynayır. Həyatını 8 ay əvvəl itirmiş, məşhur fransız aktyoru Alen Delonun bu il 90 illiyidir və mən onu anmaq istərdim. Alel Delon J.L.Qodar, M.Antonioni, L.Viskonti, J.P.Melvil kimi usta rejissorların filmlərində çəkilib. Bu filmlərin içərisində “Rokko və onun qardaşları”, “Tam günəş”, “Hovuz”, “Qırmızı dairə” filmləri qeyd edə bilərik. Bu axşam təqdim edəcəyimiz “Pişiklər” Rene Klemanın filmidir. Kleman müharibədən sonrakı dövrün rejissorudur və fransız kinematoqrafiyasında ən məhsuldar, müxtəlif janrlarda çəkmiş rejissordur. “Pişiklər” triller janrındadır, amerikansayağı rənglənmə olub və Dey Kinin romanı əsasında çəkilib. Alen Delonun tərəf müqabili amerikalı aktrisalar Ceyn Fonda və Lola Olbraytdır. Bu filmə çəkiləndə Delonun 28 yaşı vardı. Avropada ulduza çevrilmişdi və karyerasını Hollivudda davam etdirməyi düşünürdü. Film haqda çox danışmaq istəmirəm. İstəyirəm onu özünüz görüb kəşf edəsiniz. Fransız kinosuna olan diqqətinizə və marağınıza görə təşəkkür edirəm. Həmçinin, Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkürümü bildirirəm. Sizə xoş seyrlər arzu edirəm”.

Sonra AKİ-nin İdarə Heyətinin üzvü Oleq Səfərliyevə söz verildi:
“Pişiklər” sadə kino deyil. Kleman böyük rejissordur. Alen Delon burada iki amerikalı ulduzla çəkilib. Olbrayt və Fonda. Fonda yazır ki, o, Avropaya gəlməklə atasının kölgəsindən çıxmaq istəyirdi. Çünki onun atası məşhur Hollivud ulduzu Henri Fonda idi. Alen Delon isə əksinə, Avropadan Hollivuda getmək və özünü tanıtdırmaq istəyirdi. Zalda bizim təlimlərdə iştirak edən gənclər var. Məsləhət görürəm ki, rejissorluğu və dramaturgiyanı öyrənmək üçün Klemanın “Qadağan olunmuş oyunlar” filminə də baxsınlar. Ceyn Fonda məhz bu filmə görə “Pişiklər”də oynamağa razılaşmışdı”.
Çıxışların sonunda moderator növbəti həftələrdə nümayiş olunacaq filmləri sadaladı:
“Metyü Delaport, Aleksandr de la Patelyerin “Qraf Monte Kristo”, Lui Malın “Əlvida uşaqlar” və Jorj Franjunun Simasız gözəllər”. Rene Kleman haqda onu da deyim ki, o, iki Oskar almış yeganə fransız rejissorudur”.
Filmin nümayişdən sonra filmin müzakirəsi başladı.
Moderator səhnəyə kinotənqidçi İlqar Quliyevi dəvət elədi. Klemanın Delonun yaradıcılığına təsiri barəsində danışan İ.Quliyev dedi ki, əslində Delon onun çox sevdiyi aktyorlardan deyil: “Delonun əfsanəvi aktyor olduğunu, kinoya təsirini danmaq olmaz. O, ikona idi, xarici görünüşü kino üçün kifayət edirdi və doğrudan da kinoda rejissor üçün hazır bir alət idi. Belmondo Delondan fərqli olaraq, çevik aktyor idi, teatrda da fəaliyyət göstərirdi və istənilən rolun öhdəsindən gələ bilirdi. Delon isə müəyyən rollar üçün yaranmışdı, sevgili, qadını tovlayan, macəra axtaran, bir az həyatdan yorğun. O, Klemanın bundan əvvəl çəkdiyi “Tam günəş” filmində də eyni qəlibdədir. O, burada Ripli rolunu canlandırıb. Delonun qəhrəmanları filmlərində bu xüsusiyyətlərindən əziyyət çəkirdilər. Burada belə bir məqama diqqət yetirək. Filmin əvvəlində Delon bir ovçu kimi çıxış edir, sonda özü tələyə düşür. Bir sıra ölkələrdə bu film “Yırtıcılar” adı altında təqdim olunub. Yırtıcı deyəndə, filmi qadın qəhrəmanları – Barbara və Melinda nəzərdə tutulur. Orada üç əsas xətt var: manipulyasiya, sağqalma və özünü axtarış. Rejissor göstərir ki, şikar kimi görünən obyekt də yırtıcı ola bilər və bu, iki qadının simasında öz əksini tapır”.

Moderator bildirdi ki, fransız, italyan, ümumiyyətlə Avropa kinosu daha çox rejissor kinosudur: “Buna bir daha Klemanın filmlərinə baxanda əmin oldum. Yəni aktyor filmləri deyil, burada aktyorlar elə də önə çıxmırlar. Aktyor, rejissor üçün ideyasını ifadə etmək vasitəsidir, rejissorun işi aktyorun oyunundan ön plana çıxır. Bu da yəqin ki, fransız kinosunun ənənəsindən doğur. 1920-ci illərdə Fransada kommersiya kinosuna qarşı eksperimental kino meydana gəldi: sürrealizm, dadaizm, impressionizm, poetik realizm. Təsadüfi deyil ki, 1950-ci illərdə F.Trüffo kinoda müəlliflik ideyasını önə sürdü ki, kinoda əsas müəllif rejissordur, mərkəzi fiqur odur və o, yaradıcı prosesə rəhbərlik edən adamdır. Və Klemanın rejissor kimi önəmli xüsusiyyətlərini qeyd etmək istəyirəm. O, operatorlarla əla əməkdaşlıq qururdu, çünki özünün operator kimi təcrübəsi vardı. Memar təhsilini yarımçıq qoyub, 19 yaşından özü filmlər çəkirdi, eksperimentlər edirdi. İkinci Dünya müharibəsi başlayanda Müqavimət Hərəkatına qoşuldu, sənədli filmlər, xronika çəkdi. Ona görə operatordan nə istədiyini bilirdi. Bundan başqa, yəqin ki, memarlıq bilgiləri olduğundan vizual planda detallı, zövqlü işləyirdi, dokumentallıqla bədiiliyi ustalıqla sintez edirdi”.
Tamaşaçılardan biri qeyd etdi ki, fransız kinosunda ön plana rejissuranın çıxması təsadüfi deyildi: “Fransız xalqı öz taleyində hər şeyı sınaqdan keçirmişdi. Yəni zəngin siyasi və sənət tarixi olan fransızların maraqlı rejissorlar yetişdirməsi təbiidir. Kleman xüsusi zövqü, istedadı vardı. Kleman qadın obrazlarını xüsusi seçir. Fransızlar qədər qadın obrazlarını gözəl işləyən yoxdur”.

Yazıçı Firudin Qurbansoy vurğuladı ki, filmə başqa rakursdan baxmaq istəyir: “Filmin əsas hissəsi, kilsəyə guya mərhəmət hissi ilə yaxınlaşan obrazlarla başlayır. Filmin detektiv hissəsini kənara qoyuram. Filmdə Alen Delonun buğa bürcündən olduğu meydana çıxır. Bu da önəmli məsələdir. Buğa bürcündən olan adamın həyatında əsas məsələ cinsəl həyatıdır. Bu olmasa, onlar yaşaya bilməz. Xırda detallarla çox şey verilir. Burada “sevgi” sözü çox işlənir, amma sevgi yoxdur, cinsəl həyat var və pişiklər də cinsəl həyatla bağlıdır insanın beynində. Film bu xətt üzərində qurulur, hadisələrin keçidi çöx gözəldir. Bunu filmin dilini bilən adam çəkir və filmin dilini bilən adamlar oynayırlar”.
Filmin musiqi həllindən danışan İlqar Quliyev filmdə musiqidən minimal istifadə olunduğunu qeyd etdi:
“Bəstəkar Lalo Şifrinin musiqisi sözün əsl mənasında filmi müşayiət edir. Musiqi burada “qışqırmır”. O, hadisələrin necə olacağını minimalistik üslubda, öncədən xəbər verir. Burada yumşaq simli alətlərdən, təkrarlanan piano motivlərindən və incə harmoniyadan istifadə olunur. Filmə caz-svinq janrında olan saundtrek yazan bəstəkar, filmin hər üç baş qəhrəmanı üçün, onların xarakterinə uyğun temalar yaradıb.
Sonda moderator bir daha Alen Delon faktorunu vurğuladı:
“Alen Delon bundan əvvəl Klemanın “Tam günəş” filminə çəkilmişdi. Bu, amerikalı yazıçı Patrisiya Haysmitin əsəridir. 1999-cu ildə bu əsəri Mingella ekranlaşdırdı. Baş rolda Met Deymon oynayırdı. Bir sıra tənqidçilərin fikrincə, Klemanın ekranlaşdırması daha keyfiyyətlidir. Delonun traktovkası da Deymonun oyunundan maraqlıydı. Bu filmədək Delon yüngül rollara çəkilmişdi. O, Klemandan xahiş edir ki, onu Tom roluna çəksin. Çünki Tom obrazında aktyorun özünü göstərməsi üçün xeyli material vardı. Və bu filmdən sonra Delonun karyerasında yüksəliş başladı. Belə bir fikir var ki, Kleman Delona baxmağı, Viskonti hərəkət etməyi, Melvil isə susmağı öyrətdi”.

Qeyd edək ki, “Azərbaycan” CinemaPlus”da aprelin 22-də “Qraf Monte Kristo”, aprelin 29-da “Əlvida uşaqlar”, mayın 6-da isə “Simasız gözəllər” filmləri nümayiş olunacaq.
aki.az