Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış kinotənqidçi Sevda xanım Sultanovanın anadan olduğu gündür.
Sevda Sultanova Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (hazırda Prezident yanında İdarəçilik Akademiyası) Sosial idarəetmə və menecment fakültəsini bitirib.
Müxtəlif dövrlərdə “525-ci qəzet”də, Kulis.az və AzLogos saytlarında kino, televiziya və mədəniyyət sahəsinə aid publisistik və analitik yazıları ilə çıxış edib. “Fokus” analitik kino jurnalının və kinoyazar.az saytının daimi müəlliflərindən biridir. O cümlədən, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə 2025-ci ildə yaradılmış Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının üzvüdür.
“Azərbaycan kinosunda qadın obrazı”, “Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi”, “Azərbaycanda kommersiya kinosu”, “Hərb və kino” mövzusunda, həmçinin, kinorejissor Oktay Mir-Qasımın yaradıcılığı ilə bağlı araşdırmaların, “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının müəllifidir. Bundan başqa, dövri mətbuatda, saytlarda milli və xarici filmlərlə bağlı onlarla resenziya, tənqidi məqalə qələmə alıb, müxtəlif layihələrdə kino eksperti qismində çalışıb. “BBC Culture” tərəfindən dünyanın 52 ölkəsinin kino tənqidçisi arasında keçirilən sorğularda ölkəmizi təmsil edib. Kino haqqında bəzi araşdırma və məqalələri ingilis dilində yayımlanıb.
Sevda Sultanova “Seçim” sənədli, “Gecikmə” bədii-sənədli, “Köhnə çamadanlar” bədii filmlərinin ssenari müəllifidir. 2003-cü ildə televiziya haqda tənqidi yazılarına görə “Yeni nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Media açarı” və 2015-ci ildə mədəniyyət sahəsində peşəkar yazılarına görə Azərbaycan Jurnalistlər Biriyinin “Həsən bəy Zərdabi” mükafatlarına layiq görülüb. 2020-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoşünaslıq sahəsindəki fəaliyyətinə görə mükafata layiq görülüb. Hazırda, Azərbaycan Kinematoqrafçılar İttifaqının film nümayişləri layihəsinin moderatoru olmaqla yanaşı, Azərbaycan Dövlət Kukla Teatrında redaktor vəzifəsində çalışır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Sevda xanım Sultanovanı səmimi qəlbdən təbrik edir, sağlam həyat və yaradıcılıq uğurları arzulayırıq.
aki.az