“Nəsimi” filmində əsas rola kimi dəvət edəcəyimiz barəsində böyük nigaranlıqla, həyəcanla düşündük. Məlum olduğu kimi Nəsimi əfsanəvi bir dəyanətə, yüksək və dərin insani keyfiyyətlərə, ülvi, poetik vüsətə malik şəxsiyyət, filosof-alim, şair, ictimai xadim olmuşdur. Belə bir obrazı yaratmaq üçün böyük təcrübəyə, yüksək istedada malik aktyor tapılmalı idi. Axtarışlar bizi Rasim Balayevlə rastlaşdırdı, ilk baxışdan diqqətimi cəlb etdi. Yaxından tanış olduqca bu ucaboy, asket görünüşlü oğlanın iri, mənalı gözlərində gizli bir ağrı, nigaranlıq, qibtə və fədailik gördüm. Altı aya yaxın məşq etdik. Onun dil, tələffüz mədəniyyəti qənaətbəxşdir, əruz vəznində Nəsimi qəzəllərini oxuyanda isə bizi də, tamaşaçıları da sarsıda bildi, kadrdan-kadra nəsimiləşdi”… Görkəmli yazıçı, ssenarist, rejissor Həsən Seyidbəylinin doğulduğu gündür, 105 yaşı tamam olur.

Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Həsən Seyidbəylinin ilk kitabı – “Kənd həkimi” 1950-ci ildə çap edilib və sonralar 20-dən artıq kitab yazıb. İmran Qasımovla birgə yazdığı “Uzaq sahillərdə” kitabı isə dəfələrlə nəşr edilib. Yazıçının müxtəlif yaş həddi üçün yazdığı əsərlər öz dövründə müəllifə böyük şöhrət qazandırıb. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. Bundan başqa, “Kür sahillərində (1953), “Bizim Astarada” (1956), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ.Qasımovla birgə), “Tərsanə” (1975), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954 , “Sən nə üçün yaşayırsan” (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən mənəvi-əxlaqi saflığından bəhs edən əsərlər sırasındadır.
O, eyni zamanda peşəkar publisist idi. İctimai-siyasi xadim kimi tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olur və hər səfərdən qayıdışını mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri yazaraq təəssüratını bölüşürdü. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər…” adlı publisistik kitablarda məhz həmin səfər təəssüratlarından bəhs edib.
H.Seyidbəyli kino yaradıcılığına kiçik oçerklər müəllifi kimi başlayıb. “Böyük yol”, “Bakıdan- Göygölədək” film-oçerkləri Azərbaycan kinosuna istedadlı bir gəncin gəlişindən xəbər verirdi. Ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film “Doğma xalqıma” (1954) filmidir. Bu film ilk rəngli Azərbaycan bədii-sənədli filmi olmaqla yanaşı, konsert janrında çəkilmiş və dövrün böyük incəsənət xadimlərinin yaradıcılıq hesabatı xarakteri daşıyır.
Onun böyük kino ilə ilk təması, Mehdi Hüseynzadədən bəhs edən, ssenarisini Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” filmi ilə baş tutub.
Rejissor kimi 1962-ci ildə özünün qələmə aldığı eyniadlı povest əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Telefonçu qız” filminə quruluş verib. Ekran əsərində həyatda öz yerini tapan gənc Mehribanın taleyindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.
1969-cu ildə “Azərbaycanfilm” kinostudiyası “Bizim Cəbiş müəllim” filminin çəkilişinə başlayır, 1970-ci ildə isə film geniş tamaşaçı auditoriyasına təqdim edilir. Görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” adlı ssenarisi əsasında rejissor Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmi kimi uğurlu ekran əsəri yaratmağa müvəffəq olmuşdur. Filmin yaradıcıları Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının arxa cəbhədə göstərdiyi qəhrəmanlıqları, müharibənin gətirdiyi məhrumiyyətləri bir daha yada salmış, sülhün keşiyində duranların arzularını ifadə etmişdir.

Onu da qeyd edək ki, Böyük Vətən müharibəsi illərində hərbi texnikanın hərəkətə gətirilməsində neft Bakısının həlledici rol oynamasından, bunun əhəmiyyətindən tutarlı bədii kino əsəri yaradılmamışdır. Bu baxımdan “Bizim Cəbiş müəllim” filmi ilk uğurlu addım idi.
1971-ci ildə YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilir. İki il sonra bir qrup kinematoqrafçılarımız Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə “Nəsimi” bədii filmini yaradırlar. 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyası İsa Hüseynovun ssenarisi əsasında “Nəsimi” filmini istehsalata buraxır ki, tarixi mövzuda çəkilmiş filmə də Həsən Seyidbəyli quruluş verir.

1972-ci ildə “Kommunist” qəzetində dərc edilən “Kinomuzun bu günü və sabahı” adlı məqalədə Həsən Seyidbəyli yaradıclığını əhatə edən sualları geniş əhatəli cavablandırmaqla yanaşı, eyni zamanda “Nəsimi” filminin hazırlıq proseslərindən də danışıb.
“Hansı bədii film müasir zamanın, dövrün tələblərini ödəyə bilər və onun qəhrəmanının xarakteri necə olmalıdır”? sualına Həsən Seyidbəylinin cavabı: “Sənət yeninin yaradıcısıdır və onun mahiyyətindəki müasirlik keçici hal deyil, əbədilik kimi qiymətləndirilməlidir. Yenilik isə daim axtarışlar aparılmasını, kəşflər edilməsini istəyir və bu keyfiyyətlərin uğurlu həllində əbədiləşir. Buna görə də digər sənətlərlə yanaşı kinoda da müasirlik zamanın, dövrün tələblərinə uyğun olaraq dəyişir, özünün yeni keyfiyyətlərini büruzə verir. Deməli, sözün əsl mənasında müasir sənət əsəri yaratmaq istəyiriksə, zamanın nəbzini tutmalı, dövrün yüksək tələblərinə cavab verən, tamaşaçıları düşündürüb, onlara saf ideyalar aşılayan filmlər yaratmalıyıq”.
Qeyd edək ki, ziddiyyətli tarixi bir dövrün materiallarını bədii kinoya gətirmək riskli olduğu qədər də çətin idi, ancaq rejissor bu riskə gedib. Və bu riskli işin sonunda əldə edilən nəticə, filmin bədii keyfiyyətlərinin yüksək olması, Nəsiminin yaşadığı dövrü, onun şair, eyni zamanda yüksək duyğulara malik insan kimi kinoportretini ekrana gətirmək tamaşaçıları valeh etmişdi və bu gün də film öz təsir gücünü qoruyub saxlayır.

H.Seyidbəyli həm ssenarist kimi, həm rejissor kimi Azərbaycan kinematoqrafiyasına bir-birindən maraqlı ekran əsərləri bəxş edib. Hətta filmlərinin bir çoxunu öz əsəri əsasında ekranlaşdırıb. “Qızmar günəş altında”, “Uzaq sahillərdə” filmlərinin ssenari müəllifi, “Telefonçu qız”, “Kimi daha çox sevirik”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” filmlərinin isə ssenari müəllifi olmaqla bərabər, həm də rejissoru olub. “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərinə isə rejissor kimi quruluş verib. Rejissorun bir-birinin ardınca çəkdiyi filmlər mövzu baxımından cəmiyyətin bəzi problemlərini açıb göstərməsi istiqamətində çox maraqlı və dəyərli sənət nümunələri hesab olunur. “Xoşbəxtlik qayğıları” filmində qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya vermək istədiyi əsl mesajı idi.
H.Seyidbəyli ictimai xadim kimi də fəaliyyət göstərib. 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışıb. Rəhbərliyi dövründə yeni nəsil kinematoqrafçıları ittifaqa toplayıb, dünya kinosunun təcrübəsindən bəhrələnərək kinomuzun inkişafına şərait yaradıb və ən önəmlisi Azərbaycan Kinematoqrafçılar İttifaqını kinomuzun maraqlarını qoruyan mərkəzə çevirib.
Azərbaycan kinosunun inkişaf etməsində mühüm rol oynamış ustadı yubileyində böyük hörmət və ehtiramla yad edirik!
aki.az

