İyunun 24-də “Azərbaycan” CineMastercard-da Pərviz Həsənovun “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin nümayişi oldu. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə kinotənqidçi, moderator Sevda Sultanova açdı.
O, filmin tarixi əhəmiyyəti və bir araşdırma yönümlü olduğunu bildirdi: “Təəssüf ki, Qarabağ müharibəsi ilə bağlı çəkilən bədii, sənədli filmlərin bəlkə də böyük bir qismi keyfiyyətli sayıla bilməz. Pərviz Həsənovun bu filmi isə yaxşı mənada ona görə seçilir ki, rejissor mühüm tarixi faktlara yaradıcı yanaşma tapıb”.

Filmin nümayişindən sonra səhnəyə yaradıcı heyət dəvət olundu. Moderator rejissora filmin çəkilmə hekayəsinin necə başlanması ilə bağlı sual verdi. Pərviz Həsənov bildirdi ki, belə bir hekayənin baş verdiyini ona aktyor, ssenarist Azər Aydəmir danışıb: “Azər mənə dedi ki, sənin belə hekayələrə marağın var. Ondan sonra bu hadisəni araşdırdım və Elxan Salahovu tapdım. Elxan müəllim bu hadisələr barədə “Qanlı kaha” adlı kitab yazıb. Kitabı tapa bilmədim, satışda yox idi. Azər Aydəmir mənə kitabı tapıb verdi. Kitabı oxudum, əvvəl inanmadım. Çünki əvvəl mənə belə bir şey bir az qəribə gəldi. Baxdım ki, müəllif kəlbəcərlidir, Başlıbeldəndir, düşündüm ki, bəlkə təxəyyülün məhsuludur. Sonra hadisəni araşdırandan sonra başa düşdüm ki, hələ az yazıb. Sonra Elxan müəllimlə tanış olduq. Elxan müəllim bunu filmə çevirməyə əvvəlcə razı olmadı. Arqumenti də bu idi ki, əvvəl də mənimlə görüşüblər, ortaya bir şey çıxmayıb. Nəsə, Elxan müəllim mənə inandı”.
Filmin ssenari müəlliflərindən biri Elxan Salahov bildirdi ki, bundan əvvəl də film çəkilmək təklifi olub: “Bundan qabaq məni administrasiyaya çağırmışdılar. Bir neçə rejissor çağırdılar və bir neçə ay müzakirə getdi. Əsas məsələ yay və qış mövsümü çəkilişləri, bir də maliyyə idi. Nəticədə AzTV-nin rəhbərliyinə tapşırıldı və bu film çəkldi”.

Filmin çəkiliş prosesindən danışan Pərviz Həsənov qeyd etdi ki, iki ilə yaxın çəkiliş olub:
“Niyə çəkilişlər 2 il davam edib? Başlıbel əhvalatının qəhrəmanları müxtəlif bölgələrdə məskunlaşmışdılar. Məsələn, iki ailə Bərdədə, on ailə Gəncədə idi. Bir ailə Ağcabədidədir. Şəmkirdə, Mingəçevirdə, Goranboyda da olan ailələr vardı. Bu ailələri tapmaq böyük vaxt tələb edirdi. Aztelefilmdən məni bu rayonlara başqa film üçün ezamiyyətə göndərirdilər. Çəkilişlərimi bitirəndən sonra həmin ailələri tapırdım. Beləcə, iki il ərzində şahidləri tapdım. Əhvalatı tam öyrəndim. Mənim üçün əsas o idi ki, filmdə bütün şahidləri görüm. Başlıbel faciəsi ilə bağlı indiyədək verilişlər, süjetlər, filmlər var. Amma onların hamısında Bakıda məskunlaşan ailələr yer alıb. Bu da ona görədir ki, Bakı çəkiliş üçün rahatdır. Kəlbəcərə gedəndə də, ən yaxın kahaya gedirlər. Kimsə özünə əziyyət verməyib ki, digər kahalara da getsin. Axı onlar bir yox, müxtəlif kahalarda qalıblar. Birində döyüş olub, digərinə keçiblər. Biz isə hamısını çəkdik. Ona görə vaxt uzandı. Bəzi ailələr isə sadəcə danışmaq istəmirdilər. Bu onlar üçün həssas mövzudur. Ən çətin çəkilişlərdən biri Ağcabədinin bir kəndində yaşayan, bu hadisələrə görə ruhi xəstəlik tapmış bacı-qardaş olub. Ümumiyyətlə, çəkilişlərə tam hazırlıqlı gedirdim. Başlıbel faciəsi haqda o qədər məlumat toplamışdım ki, nəyi çəkəcəyimi bilirdim. Ona görə, çəkib, amma filmə salmadığım səhnə olmadı. Elə adamlar vardı ki, ona hər sualı vermək olmazdı, bu etik deyildi. Çəkiliş prosesində etik məsələləri gözləyirdim”.
Elxan Salahov dedi ki, ən həssas çəkilişlərdən biri Ağcabədidə Laləzar xanımı danışdırmaq oldu: “Bu ailədə ata həlak olub. Bir qardaş və bacı psixoloji xəstədir. Ailə üzvlərindən yeganə sağlam düşünən Laləzar xanımdır, filmdən də göründüyü kimi onun üçün danışmaq nə qədər ağrılıdır. Ona görə ailəsi də onun efirdə çox görünməyini istəmir”.
Kinotənqidçi Aygün Aslanlı bildirdi ki, bu çox qiymətli filmdir: “Film uzun olsa da, buna dəyərdi. Addım-addım hadisə danışılır. Müharibə bitəndən sonra mən də çox istəyirdim ki, bu cür hekayələri toplayım. Düzdür, telekanallar elədilər, amma bu filmdəki kimi detallı olmadı. Ən əsas da standart çəkməmisiniz, sadəcə müsahibə deyildi. Tapdığınız üslub da yaxşı idi, həmçinin, operator işi də. Bir də kinematoqrafçı kimi intuisiyanızı bir daha bu filmdə hiss etdim”.

Başlıbel kəndinin sakini, iqtisad elmləri doktoru Adil Əsədov çıxışında bildirdi: “Doğrudan da elə hadisələr var ki, onları yaşamaq bir tərəfə, danışmaq belə çətindir. Bu qəhrəmanlara bir daha təşəkkür edirəm ki, o hadisələri təkrar yaşayıb, danışdılar. Çox şükür ki, zəfər sevincini yaşadıq. Çəkiliş heyətinə təşəkkür edirəm ki, Kəlbəcərdəki o çətin yolları qalxaraq filmi çəkiblər.
Elxan Salahov qeyd etdi ki, kahalarda həmin hadisələrdən qalmış əşyalarla bağlı tapşırıq verilib:“Film çəkilməzdən öncə həmin kahalara baxış olub. 2022-ci ildə Mədəniyyət Nazirliyindən xüsusi nümayəndə gedib. Hər şey siyahıya alınıb və aktlaşdırılıb. Həmin kahalar açıq muzey olacaq. Bundan qabaq orada 12 şəhid dəfn edilib. Orada memorial kompleks olacaq”.
Kinotənqdiçi Sədaqət Kamal dedi ki, əvvəl filmə baxanda ağlamırdım: “Göz yaşlarımı boğurdum. Onlar azadlığa çıxandan sonra hönkürdüm. Müharibənin insanlara verdiyi zülm hələ bitməyib. Bu filmdə insanların həyat uğrunda mübarizəsini gördüm. Bir daha müharibənin dəhşətlərini yaşadıq. Məni ən çox sarsıdan, dərdin insanlardan hələ də uzaq olmaması oldu. Təkcə həlak olanlar şəhid deyil. Yaşayanlar da şəhiddir, onların qəlbi şəhid oldu”.
“Başlıbel – bir kəndin mühasirə gündəliyi” sənədli filmi “Azərbaycantelefilm”in istehsalıdır, layihə rəhbəri Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Salahov, Pərviz Həsənov, quruluşçu operator Elxan Rüstəmov, operatorlar Cavid Əliyev, Elşən Bədəlov, bəstəkar Azər Hacıəsgərlidir.
aki.az